2022.07.27
“Azərlotereya” ASC-nin baş sponsorluğu ilə şahmat turniri keçirildi
Azərbaycanın şans oyunları üzrə rəsmi təşkilatçısı “Azərloteraya” ASC daha bir sosial layihədə uğurla təmsil olunub. Şirkət Azərbaycan Şahmat Federasiyasının 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında təşkil etdiyi şahmat çempionatına baş sponsor kimi qatılaraq layihəyə dəstək olub.
Turnirin bağlanış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov jurnalistləri Milli Mətbuat Günü münasibəti ilə təbrik edib, Azərbaycan Prezidenti cənab İlham Əliyevin daim media nümayəndələrinə diqqət göstərdiyini vurğulayıb.
“Azerlotereya” ASC-nin Marketinq üzrə Baş Rəhbəri Sənan Orucov yarışın maraqlı mübarizə şəraitində keçdiyini söyləyərək qalibləri təbrik edib. Şirkət rəsmisi “Azərlotereya”nın ölkə əhəmiyyətli sosial layihələrdə yaxından iştirak etdiyini diqqətə çatdırıb.
Daha sonra mükafatlandırma mərasimi baş tutub. İlk üç yeri tutan komandaların üzvlərinə pul mükafatı, qiymətli hədiyyələr və diplom təqdim olunub. Həmçinin, turnirin bağlanış mərasimində Təşkilat Komitəsi xüsusi nominasiyalar üzrə qalibləri elan edib.
Qeyd edək ki, jurnalistlər arasında şahmat çempionatı ilk dəfə olaraq komanda şəklində keçirilib. 50 media nümayəndəsinin iştirak etdiyi turnirin qalibi “Qoallisimo” komandası olub. "Qoallisimo"nu Qol.az-ın müxbiri Aysel Adıgözəlli və ARB telekanalının əməkdaşı Səddam Laçın təmsil edib.