Qaydalar - Meqa 5/36

 “Azərlotereya” açıq səhmdar cəmiyyəti tərəfindən keçirilən “Meqa 5/36” tirajlı lotereyası həftədə 7 (yeddi) dəfə hər gün keçiriləcək və KİV vasitəsi ilə yayımlanacaqdır.

 Lotereya biletinin üzərindəki hər bir variantın qiyməti 50 (əlli) qəpik məbləğində, çap olunacaq biletin minimum qiyməti 2 (iki) manat (ən azı 3 variant, əlavə olaraq 50 qəpik məbləğində Meqa 5 “İD” kod) məbləğində müəyyən edilmişdir.

 Lotereya biletlərinin satışı (variantların qəbulu) satış məntəqələri, lotereya terminalları, sms və internet vasitələri ilə həyata keçirilə bilər.                 

 Uduşlar puldan ibarətdir və uduş fondunun məbləği qəbul edilmiş variantların ümumi məbləğinin minimum 50% - ni təşkil edir.

 Lotereyanın uduş fondu bu fondun oynanılmasınadək azı 1 (bir) saat qalmış formalaşdırılır.

Oyun iştirakçısı öz oyun kombinasiyalarını şifahi və ya variantların qeyd edilməsi üçün 8 (variantların qeyd olunması üçün) lövhədən ibarət olan pulsuz paylanacaq, kuponlarda qeyd etməklə təqdim edə bilər. Həmçinin, lotereya terminalları oyun iştirakçısının bildirdiyi bir neçə rəqəm əsasında tələb olunan qədər oyun kombinasiyası da tərtib edə bilər.

Əgər iştirakçı növbəti 1, 2, 3, 4, 5, 6 və ya 7 tirajda iştirak etmək üçün birdəfəlik bilet almışsa, o halda uduş, biletin sonuncu tirajındakı iştirakından sonra ödəniləcək.

    Lotereyada istifadə olunacaq kuponların  üzərindəki lövhələrin hər birində oyun variantlarının yazılması üçün 36 (otuz altı) xana əks olunub. Hər lövhədə qeyd olunmuş 5 (beş) nömrə ayrıca variant hesab edilir. Lövhələrin hər birində bir variantda beş nömrədən az nömrə qeyd olunarsa, həmin variant qəbul olunmur.  Kuponda ən azı 3 (variant) variant qeyd olunmalıdır.

Lotereya iştirakçıları tərəfindən təqdim olunmuş oyun variantı (variantları) lotereya terminal vasitəsi ilə mərkəzləşdirilmiş bazaya daxil olduqdan sonra, lotereya bileti çap olunur. Lotereya bileti xüsusi termokağızda çap olunur.

Lotereya terminalları vasitəsi ilə çap olunmuş lotereya bileti lotereya oyununun iştirakçısında qalır və uduş fondu oynanıldıqdan sonra uduşun sahibinin hüququnu təsdiq edir.

Uduş fondunun oynanılması lototron vasitəsi ilə həyata keçirilir. Lototronda   1 -dən  36 - dək nömrələnmiş şarlar yerləşdirilir. Şarlar qarışdırılır və təsadüf prinsipinə əsasən lototrondan 5 (beş) ədəd şar çıxarılır. Lototrondan çıxarılmış 5 (beş) ədəd şarın nömrələri oyunda iştirak edən lotereya biletində qeyd olunmuş oyun variantlarındakı 5 (beş), 4 (dörd), 3 (üç) və ya 2 (iki)  nömrə ilə uyğun gəldikdə həmin bilet(lər) uduşlu sayılır.

Texniki səbəblərdən lototrondan istifadə etmək mümkün olmadıqda, uduşlu nömrələrin təyin edilməsi torba və çəllək vasitəsi ilə həyata keçiriləcəkdir.

Hər tirajın uduş fondu 5 (beş) kateqoriya üzrə bölüşdürülür:

 I kateqoriya – “Cek Pot”. II kateqoriyanı udan biletlər “Cek Pot”un oynanılmasında iştirak edə bilər. “Cek Pot”un məbləği II kateqoriyanın məbləğindən böyük olarsa, II kateqoriya üzrə qalib gəlmiş bilet (biletlər) “Cek Pot”un oynanılmasında iştirak edir. Bu halda lototrona yenidən 1-dən–36-dək nömrələnmiş şarlar daxil edilir və bir ədəd şar çıxarılır. Çıxarılmış şarın nömrəsi II kateqoriyanı udan variantın (variantların) nömrələrinin biri ilə uyğun gəlsə “Cek Pot” udulmuş hesab olunur.

“Cek Pot” hər tirajın uduş fondunun 15 – 45% - i vasitəsi ilə formalaşdırılır.

“Cek Pot” udulmadığı halda, “Cek Pot”un məbləği və cari tirajın 15 - 45% - i növbəti tiraja keçirilir.

Lotereya iştirakçılarının həvəsləndirilməsi məqsədilə “Cek Pot”a uduş fondundan əlavə pul mükafatı  ayrıla və ayrılmış məbləğ bir müddətdən sonra geri çəkilə bilər.   

II kateqoriya - Lototrondan çıxarılmış 5 (beş) ədəd şarın nömrələri oyunda iştirak edən lotereya biletində qeyd olunmuş oyun variantlarının hər hansı birində 5 (beş) nömrə ilə uyğun gəldikdə həmin bilet(lər) uduşlu sayılır və uduş fondunun 1%-15% - ni udmuş olur. Belə olan halda III kateqoriyalı, IV kateqoriyalı və V kateqoriyalı uduşlar həmin kateqoriyanın uduşuna daxil edilmirlər. II kateqoriya üzrə bir neçə lotereya bileti uduşlu olduqda, uduş fondunun həmin kateqoriyaya aid hissəsi udan lotereya biletləri arasında bərabər bölüşdürülür. Bu kateqoriyanı udan biletlər “Cek Pot”un oynanılmasında iştirak edə bilər.

Tirajda II kateqoriyalı uduşların olmadığı təqdirdə bu uduş kateqoriyası üçün ayrılmış məbləğ növbəti tirajın II kateqoriyası üçün ayrılmış məbləğin üzərinə  əlavə edilir.

III kateqoriya - Lototrondan çıxarılmış şarların nömrələri oyunda iştirak edən lotereya biletində qeyd olunmuş oyun variantlarının hər hansı birində nömrələrin 4 (dördü) ilə uyğun gəldikdə həmin bilet(lər) uduşlu sayılır və uduş fondunun  1 - 45% - ni udmuş olur. Belə olan halda IV və V kateqoriyalı uduşlar həmin variantın uduşuna daxil edilmirlər. III kateqoriya üzrə bir neçə lotereya bileti uduşlu olduqda, uduş fondunun həmin kateqoriyaya aid hissəsi udan lotereya biletləri arasında bərabər bölüşdürülür.

Tirajda III kateqoriyalı uduşların olmadığı təqdirdə bu uduş kateqoriyası üçün ayrılmış məbləğ növbəti alt kateqoriya üçün ayrılmış məbləğin üzərinə  əlavə olunur.

IV kateqoriya - Lototrondan çıxarılmış şarların nömrələri oyunda iştirak edən lotereya biletində qeyd olunmuş oyun variantlarının hər hansı birində nömrələrin 3 (üçü) ilə uyğun gəldikdə həmin bilet(lər) uduşlu sayılır və uduş fondunun 15 – 45% - ni udmuş olur. Belə olan halda V kateqoriyalı uduşlar həmin variantın uduşuna daxil edilmirlər. IV kateqoriya üzrə bir neçə lotereya bileti uduşlu olduqda, uduş fondunun həmin kateqoriyaya aid hissəsi udan lotereya biletləri arasında bərabər bölüşdürülür.      

Tirajda IV kateqoriyalı uduşların olmadığı təqdirdə bu uduş kateqoriyası üçün ayrılmış məbləğ alt kateqoriya üçün ayrılmış məbləğin üzərinə  əlavə olunur.

V kateqoriya - Lototrondan çıxarılmış şarların nömrələri oyunda iştirak edən lotereya biletində qeyd olunmuş oyun variantlarının hər hansı birində nömrələrin 2 (ikisi) ilə uyğun gəldikdə həmin bilet(lər) uduşlu sayılır və uduş fondunun 30 – 70% - ni udmuş olur. V kateqoriya üzrə bir neçə lotereya bileti uduşlu olduqda, uduş fondunun həmin kateqoriyaya aid hissəsi udan lotereya biletləri arasında bərabər bölüşdürülür. V kateqoriya üçün ayrılmış minimum uduş məbləği 1 (bir) manat məbləğində təyin olunmuşdur.    

Lotereya biletinin üzərindəki variantlardan bir neçəsi uduşlu olduğu halda, uduşlar cəmlənir.          

Əsas oyundan sonra “Meqa 5” oyunu keçirilir. Oyunun qaydaları:

“Meqa 5” oyunu “Azərlotereya” ASC tərəfindən mükafatının məbləği 1 000 (bir min) manat təyin edilmiş və hər gün “Meqa 5/36” tirajlı lotereyasından dərhal sonra keçirilən 100% uduşlu oyundur.

İştirakçı “Meqa 5/36” tirajlı lotereyasında hər birinin məbləği 50 (əlli) qəpik olan 3 (üç) variant aldıqda lotereya terminalı avtomatik olaraq qiyməti 50 (əlli) qəpik müəyyən olunan 1(bir) ədəd generasiya olunmuş Meqa 5 “identifikasiya” kodu (İD) biletə əlavə edir. Hər 3 (üç) ədəd varianta görə ödənişə 1(bir) ədəd Meqa 5 “İD” nömrəsi təyin edilir.

Meqa 5 “identifikasiya” kodu(ları) vasitəsi ilə iştirakçı hər gün keçirilən  “Meqa 5” oyununda iştirak etmək hüququ qazanır. Əgər iştirakçı 2, 3, 4, 5, 6 və ya 7 tirajda iştirak üçün birdəfəlik bilet almışdırsa, o halda biletin Meqa 5 “İD” kodları yalnız bilet alındığı tarixdən etibarən ilk tirajda keçiriləcək “Meqa 5” virtual lotereyasında iştirak etmək hüququ qazanır. Meqa 5 İD kodu ardıcıl tirajlarda ümumi varianların sayına əsasən təyin olunacaqdır.

“Meqa 5” virtual lotereyasının oynanılması qaydası: “Meqa 5/36” tirajlı lotereyasının əsas oyunundan sonra virtual olaraq xüsusi alqoritmli “oyun proqramı” vasitəsi ilə  keçirilir. “Oyun proqram”ı vasitəsi ilə təsadüf prinsipinə əsaslanaraq 1 (bir) ədəd Meqa 5 İD kod (7 nömrədən ibarət)  təyin olunur. Oyunda iştirak edən lotereya biletləri arasından yalnız 1 (bir) ədəd İD nömrənin 100% uduşlu 1 000 (bir min) manat məbləğində uduş qazanmaq imkanı vardır.

“Meqa 5” oyununun uduş fondu  “Meqa 5/36” tirajlı lotereyasının uduş fonduna aid deyil və yalnız Meqa 5 “İD” kodların satışından əldə olunan vəsait əsasında formalaşdırılır. Əgər əldə olunan vəsaitin məbləği 1 000 (bir min) manatdan az olarsa, o halda “Azərlotereya” ASC öz hesabına “Meqa 5” mükafatını (1 000 manatı) formalaşdırır.

“Meqa 5” oyununun təyin olunmuş uduş məbləği (1 000 manat) “Azərlotereya” ASC tərəfindən artırıla və ya azaldıla bilər. Hər hansı bir dəyişiklik olduğunda əvvəlcədən KİV-lə məlumat veriləcəkdir.

Əgər “Meqa 5” oyununun hər hansı bir texniki səbəbdən keçirilməsində problem yaranmış və keçirilməyi mümkün olmamışdırsa, o halda oyun növbəti gün keçiriləcək və KİV-lə əhaliyə məlumat veriləcəkdir.

Əsas oyundan əlavə olaraq “Xüsusi Mükafat” həvəslənidirici oyunu keçirilə bilər.

“Xüsusi Mükafat” həvəsləndirici oyununun oynanılması qaydası: Əgər “Meqa 5/36” tirajlı lotereyasında “Cek Pot”un məbləği uzun müddət ərzində udulmazsa o halda “Azərlotereya” ASC “Cek Pot”un məbləğini və ya “Cek Pot”un məbləğinin müəyyən bir hissəsi əvvəlcədən elan olunan  tirajda 100% uduşlu “Xüsusi Mükafat” kimi oynanıla bilər. Həmin tirajda əgər:

  • “Cek Pot” udulmazsa, o halda həmin “Xüsusi Mükafat” məbləği II kateqoriyanın uduş məbləğinin üzərinə əlavə olunur. Əgər II kateqoriya bir neçə bilet tərəfindən udularsa həmin məbləğ II kateqoriyanı udan biletlər arasında bölüşdürülür.
  • Əgər II kateqoriya udulmazsa o halda “Xüsusi Mükafat” məbləği III kateqoriyanın uduş məbləğinin üzərinə əlavə olunur. Əgər III kateqoriya bir neçə bilet tərəfindən udularsa həmin məbləğ III kateqoriyanı udan biletlər arasında bölüşdürülür.

Beləlikə, “Xüsusi Mükafat” məbləği udulana qədər bir kateqoriya üzrə uduş olmadığı təqdirdə bir alt kateqoriyanın üzərinə əlavə olunur və uduşlu lotereya biletlərin arasında bərabər olaraq bölüşdürülür.

Oyunun nəticələri haqqında məlumat uduşların oynanılmasından sonra “Azərlotereya” ASC-nin www.azerlotereya.com rəsmi internet səhifəsində yerləşdirilir.

Uduşlu lotereya biletlərinin qəbulu həmin tirajın uduş fondu oynanıldığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq başlayır və 150 (bir yüz əlli) təqvim günü ərzində davam edir. Uduş “Azərlotereya” ASC tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilir (ödənilir). 3000 (üç min) manatadək (daxil olmaqla) məbləğdə olan uduşlar lotereya biletlərinin satış məntəqələri tərəfindən, 3000 (üç min) manat və daha böyük məbləğdə olan uduşlar “Azərlotereya” ASC tərəfindən bank vasitəsi ilə ödənilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı  ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.

Lotereya Azərbaycan Respublikasının ərazisini əhatə edir.

TV Yayım Təqvimi